24 növ sosial media postu

Kontent digital marketinq strategiyasının ən vacib hissəsidir. Təsadüfi deyil ki, kontentin hazırlanmasına kontent strategiyasını müəyyən etməklə başlanılır. Kontent brendə məxsus resurslarda (sayt, bloq kimi) və sosial media hesablarında yayımlanmaq üçün hazırlanır. Bu yazımızda sosial media postu olaraq kontentin növ və təzahürlərindən danışacağıq.

Sosial media kontent strategiyasının 3 ana məqsədi var:

1. Potensial müştərinin diqqətini çəkməklə onu sosial media izləyicisinə çevirmək;

2. İzləyicini əyləndirməklə, öyrətməklə, ihamlandırmaqla izləyici olaraq saxlamaq;

3. İzləyicisini yormadan və bezdirmədən satışa tərəf yönəltmək.

Bu 3 ana məqsədi nəzərə almaqla 5 əsas qrupda cəmləşən 24 növ sosial media postunu fərqləndirmək mümkündür:

Satan sosial media postu

1. Məhsul və ya xidmətin təsviri

Sosial media izləyicisini ilk öncə marketinq etdiyiniz məhsul və ya xidmət barədə maarifləndirmək lazımdır. Müştəri sizin malı alandan qabaq onu tanımalı, hansı xüsusiyyətlərə malik olduğunu və rəqiblərdən nə ilə fərqləndiyini bilməlidir.

2. Məhsul və ya xidmətin yaranması prosesi

Marketinq etdiyiniz məhsul və xidmətin yaranması prosesi əksər izləyicilərə maraqsız gələ bilər. Amma fakt odur ki, müştərini malın keyfiyyətinə və şirkətin işə peşəkar yanaşmasına inandırmaq üçün “daxili mətbəx” barədə xəbərdar olması lazımdır. İstehsal və ya müştəriyə çatdırma prosesi barədə sosial media postu hazırlamaqla siz, həm də izləyicilərinizə nə qədər açıq və dürüst olduğunuzu göstərə bilərsiz.

3. Sosial sübut

Öz malını hamı tərifləyir, amma başqalarının sizi malı tərifləməsi izləyici gözündə etibarınızı artıracaqdır. Sizin malın müsbət tərəflərini göstərən araşdırma nəticələri, müştəri və ekspert rəyləri, brendin qazandığı mükafatlar və sertifikatlar bu cür kontentə aitdir. İzləyici üçün bu cür sosial media postu sosial sübut kimi çıxış edir.

4. Müştəri rəyləri

Real müştəri rəyləri də sizin brendin etibarını qaldırır. Məsləhət marketinqinin bir elementi olaraq bu cür rəylər daha böyük inandırma gücünə sahibdir. İzləyicilər təbii və dürüst müştəri rəylərini daha yaxşı qəbul edir, onların tövsiyələrini daha yaxşı anlayır və daha çox paylaşır.

5. Xüsusi təkliflər

Müəyyən satış təklifi olan: endirim, üstündə hədiyyə kimi sosial media postu həmin an sifariş verib malı almağa kömək edə bilər.

Öyrədici sosial media postu

6. Faydalı resurslar barədə məlumat

İzləyicilərinizə maraqlı və faydalı olacaq mənbəələr, saytlar, bloqlar, videolar və kitablar barədə məlumat paylaşmaq izləyici gözündə sizin dəyərinizi artıracaqdır.

7. Öyrədici videolar

Müştərinizə nəsə başa salmaq istəyirsinizsə bunu videoda nümayiş etdirib əyləncəli və maraqlı şəkildə göstərə bilərsiz.

8. Öyrədici təlimatlar

Yazı olan təlimatları çox adam xoşlamır deyə, diqqət çəkmək üçün onları qrafik şəkildə göstərib mətn hissəsini mümkün qədər azaldın.

9. Ən çox soruşulan suallar

Şirkət və məhsullarınızla bağlı müştərilərinizin tez-tez soruşduğu sualları qrafik ya da ən yaxşısı video formatında hazırlayıb paylaşmaqda fayda var.

Ekspert sosial media postu

10. Müştəri təcrübəsini əks etdirən keyslər

Öz işinizi ən yaxşı reklam etmək üsulu müştəriyə qazandırdığının konkret faydanı müştərinin dilindən çatdırmaqdır. Oxşar problemi olanlar sizin problemi necə həll etdiyinizi görüb sizə müraciət etməyə tələsəcəklər.

11. Məsləhətlər və tövsiyələr

Sosial medianın əsas funsksiyalarından biri fayda qazandırmaqdır. İzləyicilərinizlə dəyərlərinizə yaxın olan sahədə faydalı məlumat paylaşmaq hər zaman yaxşıdır.

12. Peşənizə və çalışdığınız sahəyə aid xəbərlər

Öz sahənizdə ekspert olduğunuzu göstərməyin ən yaxşı yolu sahənizə aid maraqlı məlumatlar, tədbirlər və vəsaitlər ilə bölüşməkdir.

13. Müxtəlif reytinqlər və statistik göstəricilər

Şirkətinizin nə qədər uğurlu olduğunu görmək izləyicilərdə sizə qarşı etibar və loyallığı artırır. Çünki hamı, bazarın lideri olan uğurlu şirkətlərdən almaq istəyir.

14. Araşdırma və sorğu nəticələri

Araşdırma və sorğu nəticələri, müqayisələr və bənzətmələr hər zaman diqqət çəkir. Xüsusən isveçrə alimlərinin kəşfləri və Azərbaycanın Almaniya kimi dünyanın aparıcı ölkələri ilə müqayisə olunması.

Cəlbedən sosial media postu

15. Sorğular

İzləyicilərin rəyini soruşmaq, hər hansı bir aidiyyatı məsələyə fikir və rəyləri ilə maraqlanmaq sizin müsbət imic qazandıracaqdır. Sadə insanlar böyük şirkətlərin, brendlərin onlara qarşı diqqətli olmasını, rəyləri ilə maraqlanmasına xoş baxırlar və əksər hallarda bu cür sorğularda iştirak etməyə can atırlar.

16. Provokasiyalar (qıcıqlandırma)

Qıcıqlandıran kontent izləyicilərin diqqətini çəkmək üçün lazımdır. Bu bir növü oyundur, izləyicilər isə oyun oynamağı və bu cür kontenti şərh edib paylaşmağı xoşlayır. Amma buc ür kontent qəttiyət alçaldıcı və təhqiredici olmamalıdır. Bu cür kontenti məhsul və xidmətin hər hansı bir xüsusiyyətini vurğulamaqla yumoristik tərzdə etmək daha məqsədəuyğundur.

17. Uduşlu və hədiyyəli müsabiqələr

Hədiyyə bəlkə də sosial media izləyicilərinin ən çox sevdiyi sözdür. Mütəmadi qaydada uduşlu müsabiqə keçirməklə onların səhifənizi aktiv izləməsini təmin edə bilərsiz. Amma hər bir hədiyyə brend dəyərlərinə uyğun olsa yaxşıdır.

18. Kreativ yanaşma tələb edən suallar

Sosial media göstəriş məkanıdır – burda hamı özünü, bilik və bacarığını, pulunu və sahib olduğunu göstərməyi xoşlayır. İzləyicilərin bu zəif cəhətindən istifadə etməklə bir sual soruşun, bir tapşırıq verin – qoy özlərini göstərsinlər.

Əyləndirici sosial media postu

19. Memlər və zarafatlar

Sosial media kontent strategiyanıza, brend hekayəsi və dəyərlərinə uyğun olan zarafatları paylaşmağın yeri var. Yumor ən güclü silahdır – gülməli və məzəli kontent daha çox bəyənilir və və daha rahat paylaşılır.

20. Mərc xarakterli çağırışlar

İnsanlar mərcə girməyi, digərlərindən heç də geri qalmadığını nümayiş etdirməyi xoşlayırlar. Bu cür mərc xarakterli çağırışlar onları qıcıqlandırır, bir növü yarış ortamı yaradır və maraqlı istifadəçi kontentin yaranmasına gətirib çıxarır.

21. Tarixdən seçmələr və yeniliklər

Brendin, şirkətin tarixinə aid maraqlı faktlar və hekayələr, şirkətin cari yenilikləri brendin gücünü və iddiasını nümayiş etdirir.

22. Sitatlar

Məzmun baxımından sizin dəyərlərinizə uyğun gələn məşhur və populyar insanların sitatlarını paylaşmaqla inandırıcı kontent yarada bilərsiz.

23. İşçilərin şəkilləri

Şirkətin cari fəaliyyətini, kollektivin gündəlik fəaliyyətini, səhnə arxası gündəmini əks etdirən kontent də izləyicilər üçün maraqlıdır. Bu cür kontent izləyicilərdə brendin real və izləyicilərinə yaxın olduğu imicini yaradır.

24. Bayram təbrikləri

Sosial mediadan istifadə edənləri bezdirə bilər amma orijinal bayram təbrikləri hər zaman maraq yarada bilir. Xüsusən brendə aidiyyatı olan əlamətdar günləri qeyd etmək mütləq lazımdır: peşə bayramları, tarixi günlər kimi.

Mənbə: mktg.az

Author: EMIN